Yol polisinin tribunası Azyaşlının sükan arxasına keçməsi ağır fəsadlara, hətta facilərə yol açır.

Ölkəmizdə nəqliyyat vasitələrinin sürücülük hüququ olmayan şəxslər, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən idarə edilməsi kimi hadisələr günü-gündən artmaqdadır. Valideynlər, məktəb kollektivləri uşaq və yeniyetmələrin daha çox internetə, sosial şəbəkə oyunlarına qurşanmalarından narahatlıq keçirirlər. Amma unudurlar ki, uşaqların sükan arxasına keçib maşını idarə etmək istəyi daha ağır fəsadlara, hətta facilərə yol açır.

 İlin 10 ayı 10 ay ərzində ölkə ərazisində  nəqliyyat vasitələrinin sürücülük hüququ olmayan şəxslərin idarə edilməsi nəticəsində törədilən qəzaların sayı ümumi hadisələrin 13 faizini təşkil edib. Bu səhədə aşkar olunmuş qayda pozuntularının sayı 9.875 fakt təşkil edərək aşkarlanmanın 0,3 faizi qədər olmuşdur. Həmin müddət ərzində azyaşlılar tərəfindən nəqliyyat vasitələri idarə edilərək 11 yol nəqliyyat hadisəsi törədilmişdir ki, nəticədə 4 nəfər həyatını itirmiş, 18 nəfər xəsarət almışdır.

Belə hallara ölkənin paytaxtı ilə yanaşı regionlarda, şəhərətrafı ərazilərdə rast gəlmək olur. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir.

Yeniyetmənin maşını idarə etməsi nəticəsində törədilən ən faciəvi hadisə dekabrın 5-də Gəncə şəhərində  baş vermişdir. Həmin qəzada da 16 yaşlı məktəbli sürücülük hüququ olmadan sükan arxasına keçərək avtomobili idarə etmiş, nəticədə özü ilə yanaşı yolu keçməyə çalışan 13 yaşlı piyadanın həyatına son qoymuş və avtomobildə olmuş digər  3 gənc sərnişin də ciddi xəsarətlər almışdır.

Bütün bu məlumatlar ictimailəşdirilsə də, yenə azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlər var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları mövcuddur.

Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar. Ataların çoxu uşaqlarına sürücülük vərdişlərini özləri öyrədə biləcəklərini düşünür. Həm də bunu çoxlarının dediyi kimi hər təlimatçıdan daha yaxşı edə biləcəklər. Hərçənd belə bir riskli addım üçün sonradan hansı cəzanın, hansı növ təhdid etdiyini də anlamırlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Ona görə valideynləri bir daha övladlarını nəzarətsiz qoymamağa çağırırıq.

Elə anlaşılmasın ki, məqsədimiz avtomobillə bağlı yeni nəslin arzularına qadağa qoymaqdır. Qətiyyən. Vaxt, zaman gələndə yeniyetmə qanunamüvafiq şəkildə avtomobil idarə etmək hüququnu özü ələdə edəcəkdir. O vaxtadək bütün məktəblilərin müxtəlif dərnəklərdə, müsabiqələrdə iştirak etməklə yol hərəkəti qaydalarını, təhlükəsizliyin təmin olunmasında sürücülərin, piyadaların rolu və məsuliyytini öyrənmək imkanı vardır.

Yeri gəlmişkən, oxucularımıza Qusar məktəblisinin bu yöndə uğuru ilə bağlı müjdəni də yetirmək istəyirəm. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 2021-ci il üçün elan olunmuş “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Belə ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə keçirilmiş müsabiqəyə respublikanın 43 şəhər və rayonundan   olan 97 tam orta məktəb, lisey, gimnaziya, uşaq-gənclər inkişaf mərkəzləri təmsilçilərinin 335 rəsm əsəri təqdim olunmuşdu.

Mövzunun əhatə olunması, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyarlara əsaslanaraq Qusar şəhər 4 nömrəli tam orta məktəbin in şagirdi Azad Oleqoviç Əliyev II yerin qalibi seçilmişdir.

Həmin mükafat məktəbdə təntənəli şəkildə qalibə təqdim edilmişdir.

Natiq MÜZƏFFƏROV,

Qusar RPŞ DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis mayoru