Piyadalar, diqqətli olun!

Aprelin 26-dan mayın 3-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!”-  şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki,təkcə cari ilin ilk 3 ayı ərzində,respublika ərazisində piyadaların vurulması ilə bağlı 142 hadisə  qeydə alınmışdır ki,nəticədə 49 nəfər həlak olmuş, 99 nəfər isə  yaralanmışdır. Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 37,8 %-ni təşkil edir.

Havaların isinməsi ilə əlaqədar, piyadaların hərəkət intensivliyində, eləcə də adətən aprel-  may aylarında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə edildiyini nəzərə alaraq,bu istiqamətdə nəzarət- profilaktiki tədbirlərin daha da gücləndirilməsi,hərəkət iştirakçıları,xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin 22 aprel 2021-ci il tarixli müvafiq göstərişinə əsasən cari ilin aprel ayının 26-dan may ayının 3-dək respublika ərazisində “Piyadalar,diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Bu məsələ barəsində dəfələrlə söhbətlər aparmış, mətbuatda yazılarla çıxış etmişik. İnsanların əksəriyyətində elə səhv təsəvvür var ki, guya qəzalar ancaq sürücülərin günahı ucbatından baş verir. Amma apardığımız araşdırmalar, təhlillər, eləcə də yuxarıda diqqətinizə çatdırdığımız faktlar, yəni baş verən yol-nəqliyyat hadisələrinin bütün hallarda piyadaların payına düşməsi onların məsuliyyətindən də xəbər verir.

Uzun fasilədən sonra təhsil müəssəsələrimizin fəaliyyəti bərpa olunub, uşaqlarımız sevimli məktəblərinə qayıdıblar. Keçən vaxt ərzində onların yol hərəkəti qaydalarına əməl etmək vərdişləri zəifləməsi, unudulması ehtimalı var. Ona görə həm böyüklərə, həm uşaq və yeniyetmələrə ən zəruri qaydaları xatırlatmağı gərəkli bilirik.

PİYADA –sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

PİYADA-nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

PİYADA– keçidi başa çatdıra bilməyibsə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidir. O, yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilər.

Belə bir həftəliyin məhz indi-yayqabağı keçirilməsini zəruri edən amillər piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınmasına nail olmaqdır.

Bu istiqamətində görülən inzibati tənbeh və təbliğat tədbirlərinin, xüsusilə  azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görülmüş və hazırda da icra edilməkdədir. Ona görə hər birinizi- pyadaları, sürücüləri  bir daha diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq.

Natiq MÜZƏFFƏROV,

Qusar RPŞ DYPB-nin baş

dövlət avtomobil müfəttişi, polis mayoru